Mehriban xanımın diqqəti sayəsində muğamımız bütün dünyada qəbul olunur - Mənsum İbrahimov  

11:55 26.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan muğamının dünyada tanınmasında, muğamımızın inkişaf etməsində Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı var.

Bu fikirləri hafta.az-a xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, məhz Mehriban xanımın diqqəti sayəsində bu gün muğamımız bütün dünyada maraqla qəbul olunur və sevilir: 

“Heydər Əliyev Fondu yaranandan bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən muğam televiziya müsabiqələrinə start verilib.  Bu günə qədər 7 muğam televiziya müsabiqəsi keçirilib ki, nəticədə  onlarla gənc muğam ifaçısı yetişib, artıq onlardan bir çoxunun fəxri adları var. Operada, ana televiziyamızda çalışır, ustadlarla bərabər Azərbaycan muğamını bütün dünyada təbliğ edirlər.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6 Beynəlxalq Muğam Festivalı keçirilib.  Bundan başqa, “Qarabağ xanəndələri” Muğam toplusu çap olunub. UNESCO xətti ilə hazırlanmış bu alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.

Eyni zamanda Azərbaycan muğamının Avropada, Qərb ölkələrində təbliği ilə bağlı çox böyük işlər görülüb. Ali Baş Komandamızın rəhbərliyi ilə bizim müzəffər Ordumuz 44 gün ərzində Qarabağda bir tarix yazdılar. Qələbəmizdən 6 ay sonra Heydər Əliyev Fondu tərəfindən Şuşamızda möhtəşəm “Xarıbülbül” Fesrivalı keçirildi. Mən özüm də orada iştirak etdim. Elə bir möhtəşəm festival keçirildi ki, bütün dünya onu izlədi. Bununla da dünyaya bir mesaj verildi ki, torpağın sahbləri qayıdıb, artıq Şuşamızda, Qarabağımızda Azərbaycan muğamı səslənir. 

2008-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olundu. Ağcabədidə, Ağdamda, Füzulidə və nəhayət, Sumqayıtda da muğam mərkəzləri istifadəyə verildi.

Hazırda ölkəmizdə 5 Muğam Mərkəzi fəaliyyət göstərir. İnşAllah düşünürəm ki, tezliklə bizim azad olunmuş bölgələrimizdə muğam mərkəzləri, teatr  binaları inşa olunacaq.

Qarabağımız azad olunandan sonra Şuşamızda bütün tarixi abidələrin bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bu gün Mehriban xanım xalqımız tərəfindən çox sevilir. 

26 avqust – Beynəlxalq Muğam Günüdür.  Həm də bizim əzizimiz, dəyərlimiz, ölkəmizin birinci xanımı, 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əlievanın doğum günüdür. Mən fürsətdən istifadə edib bütün ustadlarımızın, muğam ifaçılarımızın adından, öz adımdan dəyərli Mehriban xanımı təbrik edirəm. İnşAllah, bundan sonra Heydər Əliyev Fondu tərəfindən Qarabağımızda yeni-yeni festivallar keçirəcəyik”.